TEATR | Məhv olmuş gündəliklər - FOTOSESSİYA

TEATR | Məhv olmuş gündəliklər - FOTOSESSİYA
  03 İyul 2013    Oxunub:7900
Əlvida mənim gözəl arzularımın, gözəl xəyallarımın yoldaşı...Əlvida...
İndi XXI əsr gəncliyi üçün “İnstagram”da şəkil paylaşmaq, “Facebook”da status yazmaq nə qədər aktualdırsa, yeniyetməlik və gənclik dövrü 90-cı illərə təsadüf edənlər üçün xatirə dəftərində ona ünvanlanan sualları cavablandırmaq, bütün düşüncə və sirlərini gündəliyə çevrilən dəftərlərə yazmaq o qədər dəbdə idi...

Yalnız 90-cı illərin səmimiyyəti, saflığı və məhrumiyyətləri ilə xatirə dəftərini şəkillərlə bəzəmək, başqalarının “sevgi” suallarına yazdığı cavabı acgözlüklə tapıb oxumaq və yazdığın gündəliyi hamıdan gizlətmək olardı...

Dövrün və yaşın verdiyi məsumluqla bütün sevdiyin və sevmədiyin, biri-birindən xəbərsiz insanları, sevincləri, kədərləri bir yerə toplamaq olardı... Gündəliyi yaza-yaza özünlə və özün olmaq olardı...

Ancaq bir gün gündəliyinin “qəhrəmanları” ilə dəftər vərəqlərində deyil, real həyatda üzləşəndə, mürəkkəbin tündlüyündən, ləkəsindən sənə də pay düşəndə artıq gündəliyini qocalıb belin bükülənə qədər gizlətmək yox, məhv etmək istəyirsən...

Gündəliyində yaratdığı, ən yaxın dostlarını itirmək bahasına qurduğu həyat dağılanda, səkkiz pəncərəyə həvəslə asdığı pərdələr onun qandalına çevriləndə Fəridənin ( Şəbnəm Hüseynova) məhv etdiyi gündəliklər kimi...

Yeni ailə və yeni həyat quran, yeni qadağalarla tanış olan Fəridə “köhnə” həyatından və köhnə dostlarından vaz keçir... Susur... Qənimət (Rasim Cəfərov) deyirdi axı ki, dünyanın işi belədir... Savalan da (Şövqi Hüseynov) da təsəlli verirdi, “qəm çəkmə” deyirdi...

Fəridə bu tənhalıqdan, lazımsız əşya olmaqdan qurtulmaq – işləmək istəyir... “Yox” cavabı alanda o, özünü və azadlığını bu dəbdəbəyə qurban vermək istəmir... Susmur... Axı sevmək bütün həyatdan ayrı düşmək, kölə olmaq demək deyil...

Məsləhət dalınca gəldiyi rəfiqəsi Anjelin (Günel Məmmədova) verdiyi “məsləhət” Fəridə üçün çox ağır olur... Fəridə onun mənzilində həyatın gündəliyində yazdığı, düzdüyü hərflər qədər səliqəli, bəsit və qarasız olmadığını görür...

Xalq artisti Vaqif Əsədov Gənc Tamaşaçılar Teatrının səhnəsində İlyas Əfəndiyevin 44 il öncə “məhv etdiyi” gündəliklərə yeni nəfəs verdi... “İlyas Əfəndiyev, “Məhv olmuş gündəliklər” “yenilik gözləməyə dəyməz” streotiplərini qırmağı bacardı... Tamaşanın zaldan deyil, hər şeyin yaşandığı səhnədən izlənilməsi, səslənən bütün musiqilərin aktyorlar tərəfindən canlı ifa olunması, yerində yaranan və işlənən improvizələr "gündəlik", "telefonsuz insan" məhfumlarının aktuallığını itirdiyi bir dövrdə tamaşadan zövq almaq imkanı yaratdı...

Yazdı : Leyla Əliyeva
Fotolar: Elnur Muxtar
Famil Mahmudbəyli

Qalereya




Teqlər:  





Xəbər lenti